06.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 06.04.2022-ci il tarixində “Qarabağın incisi Şuşa” başlığı altında Gəncə şəhər Mehdi Mehdizadə adına 4 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə şeir saatı keçirdi. Tədbiri 1 saylı kitabxana filialının müdiri Züleyxa Məlikova açdı.İlk əvvəl şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Daha sonra Züleyxa Məlikova “Qarabağın incisi Şuşa” başlığı altında çıxış etdi.O, çıxışında qeyd etdi ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.
Sonra isə 4 saylı məktəbin dil-ədəbiyyat müəllimi Quliyeva Nuranə “Qarabağın döyünən ürəyi” başlığı altında çıxış etdi. Qeyd etdi ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa mədəniyyətimizin paytaxtı, qədim Azərbaycan torpağıdır. İllər öncə Ulu Öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən demişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi idi. 21 saylı kitabxana filialının böyük kitabxanaçısı Sahilə Şabanova bildirdi ki, 30 il işğal altında qalmış və tamamilə dağıdılmış yurd yerlərimizdə suverenliyimiz təmin olundu və müstəqilliyimizin rəmzi olan üç rəngli bayrağımız Ali Baş Komandan İlham Əliyevin və Müzəffər ordumuzun gücü sayəsində Qarabağımızda dalğalandırıldı.Tədbirdə 4 saylı məktəbin şagirdlərinin ifasında vətən haqqında şeirləri səsləndirildi. Kitabxanada “Qarabağın tacı Şuşa” başlığı altında təşkil olunmuş sərgi haqqında iştirakçılara Züleyxa Məlikova geniş məlumat verdi.